Rasim Balayevlə Şəfiqə Məmmədova qovğası böyüyür: Brilliant da qoşuldu - Özəl

  • 17-04-2019, 08:54
  • Sosial
  • 105
Rasim Balayevlə Şəfiqə Məmmədova qovğası böyüyür: Brilliant da qoşuldu - Özəl
Xalq artisti Rasim Balayevlə Şəfiqə Məmmədova arasındaqalmaqal böyüyür

Remz.info Cahan.infoya istinadən xəbər verir ki, incəsənət və mədəniyyət nümayəndələrinin prezidentlə görüşündən sonra tərəflərin söz atışması səngimək bilmir.

Xalq artisti Brilliant Dadaşova da bu skandala qoşulub. O, R.Balayevə irad bildirib.Buna səbəb Balayevin Məmmədova barədə sərt fikirləri olub.

“Rasim Balayevin başımızın tacı, dəyərli aktrisamız Şəfiqə Məmmədovanın ünvanına söylədikləri məni məyus etdi. Rasim Balayev kimi dəyərli aktyorlarımız azdır. Bəlkə bu sözləri söylədikləri zaman ruh halı yaxşı olmayıb.

Şəfiqə Məmmədova 30 il səhnədə olub, 50 ildir oranı tərk edib. 80 yaşı olduğunu düşünsək belə hesablar düz gəlmir, 1 yaşından səhnəyə çıxmayıb ki?

Nəsimi filmində "Səni bu hüsnü-camal ilə, kamal ilə görüb, qorxdular haqq deməyə, döndülər insan dedilər” deyən aktyor heç bir xanım haqda belə sərt danışmaz.

Şəfiqə xanım universitetdə müəlliməm olub. Onun haqda yazılanları oxuyanda bildim ki, o, heç kimə cavab verməyəcək. Şəfiqə xanım mərd, sözün düzünü deməyi bacaran xanımdı. Mən də bunu ondan öyrənmişəm.

Onu həmişə Sofi Lorenə bənzətmişəm. Amma biz onu dünyaya çıxarda bilmədik. Halbuki səhnə mədəniyyəti və aktrisalıq qabiliyyəti ondan çox yüksəkdir.

Şəfiqə Məmmədova gücdür, qüvvədir. Pərdə arxasında olsa belə mədəniyyətimiz və tariximiz üçün çox iş görür”,- deyə, Dadaşova söyləyib.

Ş.Məmmədova bildirib ki, prezident İlham Əliyevlə görüşdə özü üçün heç nə istəməyib: “Rasim də nə vaxtsa kabinetdə oturub. Amma təəssüf ki, indi kabineti yoxdur.

Ona elə gəlir ki, mən özüm üçün kabinet istəmişəm. Mən özüm üçün heç nə istəməmişəm. İstədiyim kabinet yox, kinematoqrafçılar üçün bina olub.

Şəfiqə Məmmədova Rasim Balayevin "Birinci kino olmalıdır, sonra onun ittifaqına bina axtarılmalıdır" fikrinə də münasibət bildirib:

“İttifaq açılıbsa, binası da olmalıdır. Binası olmayan ittifaq kimə lazımdır? Görünür indi Rasim Balayevin kabineti yoxdur deyə, belə açıqlama verir. Prezident görüşdə qeyd etdi ki, təkliflərinizi verin.

Prezidentin tapşırığı ilə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təkliflərini hazırlayıb göndərəcəyik. Həmin təkliflərdə təkcə bina ilə bağlı yox, digər vacib təklifləri də qeyd edəcəyəm".

Rasim Balayev Şəfiqə Məmmədovanın Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşü zamanı Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına bina istəməsini tənqid etmişdi:

“Dəvət olunsaydım, mənim də deyəcəyim sözlər vardı. Mehriban Zəkinin Allah canını sağ eləsin. Mənim ürəyimdəkiləri dedi.

Mən də getsəydim, kinomuzun problemlərini dilə gətirəcəkdim. Kimisi kino üçün çalışır, Şəfiqə kimilər də özünə kabinet axtarır. Şəfiqə Məmmədova deyir ki, Kino İttifaqının binası yoxdur.

Ay Şəfiqə, birinci kino olmalıdır, sonra onun ittifaqına bina axtarılmalıdır. Zeynəb Xanlarova da deyir ki, şikayət etməyin. Camaatın ildə bir dəfə prezidenti görüb, fikirlərini deməsi normaldır. Sənət adamlarının problemləri deyilməlidir”.

Görüşə çağrılmayanlardan biri isə Xalq şairi Sabir Rüstəmxanlı olub. O, “Yeni Müsavat”a deyib ki, Əgər söhbət ədəbiyyatdan, mədəniyyətdən gedirsə, bizim o görüşdə olmamağımız mənə təəccüblü gəlir:

“Orada elələri varıydı ki, sənətlə əlaqəni çoxdan üzüblər. Amma dünyada kitabları çap olunan, ardıcıl sözünü deyən ədəbiyyat adamlarından biri mənəm, görüşə dəvət etməmişdilər.

Sabir Rüstəmxanlı görünməyən adamlar sırasında deyil axı. Ona görə hesab etmirəm ki, nazirlik məni görməyib.Mən xalq şairiyəm, sənət söhbətində iqtidar-müxalifət fərqi qoyulmamalıdır. Üstəlik, bizim partiyamız vətəndaş həmrəyliyinə çağırır, ayrı-seçkilik olmamalıdır. Amma baxırsan ki, ən xırda məsələlərdə ayrı-seçkilik olunur.

Bizə qarşı bu nə münasibətdir, başa düşmürəm. Müstəqilliyə imza atan biz, risklərə gedən biz, zülm çəkən yenə biz. Gəl ki, müstəqil ölkədə necə olur bizi AzTV-yə, tədbirlərə dəvət etmirlər, humanitar forumlara çağırmırlar.

Mən 25 il deputat olmuşam. Yaxşı, Milli Məclisdən ayrılmışıq, dövlətdən ki ayrılmamışıq?! Bizim zəhmətimizin nəticəsi bu olmalıdır? Adama ağır təsir edir. Söz yox ki, həmin görüşə gedənlərin əksəriyyətinin mədəniyyətə, ədəbiyyata xidməti olub.

Ancaq onların çıxışlarının ümumi səviyyəsi məni razı salmadı. Görüşdə ziyalılar Qarabağ problemini, əhalinin vəziyyətini prezidentə deməliydilər”.
Oxşar mövzular